Zil-Hiccə ayının ilk on gününün fəziləti

Zil-Hiccə ayının ilk on gününün fəziləti

Uca Allah buyurur:

وَالـفـَجْـرِ (١) وَلـَيـَالٍ عـَشْـرٍ (٢)

And olsun dan yerinə! And olsun on gecəyə! (Fəcr 1,2)

Hafiz ibn Kəsir (rahiməhullah) bu ayənin təfsirində belə demişdir:

Buradakı on gecədən qəsd olunan Zil-Hiccə ayının ilk on günüdür. Necə ki bunu İbn Abbas, İbn Zubeyr, Mucahid və sələf və xələflərdən (yəni sələflərdən sonra gələnlərdən) bir çoxu demişdir.

Bax: "Təfsir Quranil Azim", 4/539-540.

Abdullah İbn Abbas (Allah ondan və atasından) razı olsun rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur:

"Elə bir günlər yoxdur ki, saleh əməl Allaha o günlərdə bu on gündən (Zil-Hiccənin ilk on günündən) daha sevimli olsun."

Dedilər:

"Ey Allahın elçisi, Allah yolunda cihad da?"

Peyğəmbər ﷺ buyurdu:

"Hətta Allah yolunda cihad da! Yalnız o kimsədən başqa ki, canı və malı ilə çıxır və heç biri ilə geri qayıtmır."

Bax: Buxari, 969.


• Zil-Hiccənin ilk doqquz gününü oruc tutmaq.

Rasulullah ﷺ Zil-Hiccə ayının ilk doqquz gününü, Aşura günü və hər aydan üç gün oruc tutardı.

Bax: Əbu Davud "Sünən", 2437. Səhihdir.


• Zil-Hiccənin ilk on günündə çalışmaq

Tabeinlərdən Səid ibn Cubeyr (rahiməhullah) Zil-Hiccənin on günü daxil olduqda, az qalsın, heç kimin gücü çatmayacaq qədər çox çalışardı.

Bax: "Sünən Dərimi", 1815.


Şeyx ibn Useymin (rahiməhullah) demişdir:

Ramazanın (son) on günü gecələri ən fəzilətli, Zil-Hiccənin (ilk) on günü isə gündüzləri ən fəzilətli olandır.

Bax:"Liqaul Bəbul Məftuh", 225


• Ərafa orucunun fəziləti

Rasulullah ﷺ belə buyurmuşdur:

Allahdan Ərafa günü tutulan orucun öncəki və sonrakı bir illik günahlara kəffarə olmasını ümid edirəm.

Bax: Muslim, 1162.



•Ərafa günü edilən ən xeyirli dua 

Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

Ən xeyirli dua Ərafa günü edilən duadır. Mənim və məndən öncəki Peyğəmbərlərin dediklərinin ən xeyirlisi isə budur:

لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ.

«Allahdan başqa haqq məbud yoxdur. O, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir!» 

Bax: "Sahihul Cəmi", 3274. Həsəndir.


Şeyx Abdullah əl-Bəssəm (rahiməhullah) demişdir:

Ərafa gününün orucu alimlərin icması ilə nafilə orucların ən fəzilətlisidir.

Bax: "Təvdihul Əhkəm", 3/201.


*Ərafa günü haqqında

İmam Nəvəvi (rahiməhullah) Ərafa günü haqqında demişdir:

Bu gün dua üçün ilin ən fəzilətli günüdür. İnsana da yaraşan odur ki, bu gün zikr etmək, dua etmək, Quran oxumaqla əlindən gələni etsin. Özünə, valideynlərinə, yaxınlarına, şeyxlərinə, dostlarına, sevdiklərinə və s. ona yaxşılıq edənlərə və bütün müsəlmanlara dua etsin. Bütün bunlarda səhlənkar olmaqdan çəkinsin. Çünki bu, düzəldilməsi mümkün olmayan bir gündür.

"Kitəbul Əzkər", səh. 333.

Hazırladı: Samiq Mustafayev