Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur:
Kim oruclu olduğu halda unudaraq yeyərsə və ya su içərsə, orucunu tamamlasın, çünki onu yedirib-içirən Allahdır.
Buxari, 1933 ; Muslim, 1155
Şərh (Şeyx Ubeyd Cəbiri)
"Kim unudaraq yeyərsə və ya su içərsə"- şərt cümləsidir.
"Oruclu olduğu halda"- hal cümləsidir. "Orucunu tamamlasın"- bu isə cavab cümləsidir.
Bu hədis dəlildir ki, kimin halı belədirsə, o insan qəza etməz, çünki ona "orucunu tamamlasın"- deyə əmr gəlib.
Bəzi elm əhlinin məzhəbi- zənn edirəm ki, bu, İmam Malikin (Allah ona rəhmət eləsin) məzhəbidir- odur ki, "ondan günah qalxır, amma o yenə də orucunu qəza edir". Peyğəmbərin ﷺ "orucunu tamamlasın" sözü yuxarıdakı sözü (orucunu qəza edir sözünü) rədd edir. Bu, birinci məsələdir.
İkinci məsələ isə əgər "həm orucunu tamamlasın və həm də qəza etsin"- olsaydı, Peyğəmbər ﷺ ona bu şeyi bəyan edərdi, çünki məşhur üsul qaydasıdır ki, "ehtiyac olan zaman bəyan etməyi gecikdirmək icazəli deyil". Bu, şəriətin məcbur etmədiyi bir şeyə insanları məcbur edən kimsələrə qarşı güclü dəlildir.