• Duha namazı nə deməkdir?
Duha sözü ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.
• Duha namazının vaxtı
Duha namazının səhər günəş çıxdıqdan 10-15 dəqiqə sonradan zöhr namazına 10-15 dəqiqə qalmışa qədər qılmaq olar. Ən fəzilətli (üstün) vaxtı rəvayətlərdə gəldiyi kimi "dəvə balalarının ayaqlarının yanan vaxtıdır". Bu da zöhr namazına 1 saat və ya 50 dəqiqə qalmışa təsadüf edir.
• Duha namazı neçə rükətdir?
Duha namazının ən azı iki rükət olması haqqında alimlər icma etmişlər. Bəzi hədislərdə Peyğəmbərimizin (Ona Allahın salavatı va salamı olsun) dörd rükət qıldığı da gəlmişdir. Ən çox neçə rükət olması isə ixtilaflı məsələdir. Bəzi alimlərə görə ən çox səkkiz rükətdir. Bəzilərinə görə isə müəyyən bir say yoxdur.
• Duha namazının hökmü
Duha namazı təkid olunmuş sünnətdir. Onu Allah Rasulu ﷺ özü qılmış və səhabələrini də qılmağa yönəltmişdir.
Bax: Şeyx İbn Bəz "Məcmul Fətava", 11/396.
Əbu Hureyra (Allah ondan razı olsun) belə demişdir:
Dostum Peyğəmbər ﷺ mənə üç şeyi tövsiyə etdi:
Hər aydan üç gün oruc tutmaq
İki rükət duha namazı qılmaq
və yatmadan öncə vitr namazı qılmaq
Bax: Buxari, 1981
• Duha namazı tövbəkarların namazıdır.
Əbu Uməmə Əl-Bəhilidən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allah Rasulu ﷺ belə buyurdu:
"Duha namazını yalnız tövbə edib Allaha üz tutanlar qoruyar. O, tövbə edənlərin namazıdır."
Bax: "Sahihul-Cəmi", 7628.
• Duha namazından sonra edilən zikr
.”اللهم اغفرلي ،وتب علي،إنك أنت التواب الرحيم”
Allahumməğ firli, və tub aleyyə, innəkə əntə-t Təvvəbu-r Rahim. (100 dəfə)
Bax: “Ədəbul Mufrad” 619 nömrəli hədis. Şeyx Albani “səhihdir” deyib.