Qadınların ən xeyirlisi
- 1126
Mərhəmətli və Rəhimli Allahın adı ilə
Bildiyimiz kimi ən təhlükəli üzv və din üçün ən zərərli olanı dildir. Bu elə bir üzvdür ki, xeyir, hidayət və razılıq sözləri söylədikdə sahibinə sevgi, bağışlanma və məğfirət qazandırar. Amma pislik, azğınlıq və itaətsizlik sözü dedikdə, sahibini şər işlərə, bədbəxtliyə və Rəhmanın qəzəbinə sürükləyər.
Neçə-neçə saleh söz olub ki, sahibinin Allahın razılığına qovuşmasına səbəb olub!
Neçə-neçə pis söz isə sahibini Allahın əzabına aparıb!
Rasulullah ﷺ belə buyurmuşdur:
Adəmoğlu günahlarının çoxunu dili ilə edər.
Bax: Səhih Tərğib, 2872
Başqa bir hədisində ﷺ belə buyurmuşdur:
Rəbbim məni meraca qaldırdığında üzlərini və sinələrini cıran bir toplumun yanından keçdim. Onların dırnaqları misdən idi.
Dedim: Ey Cəbrail, bunlar kimlərdir?
O dedi:
Bunlar (qeybət etməklə) insanların ətlərini yeyənlər və irzlərinə dil uzadanlardır.
Bax: Silsilə Sahihə, 533
Bu elə bir üzvdür ki, salehlər onun zərərindən qorxardılar.
Böyük səhabə İbn Abbas (Allah ondan razı olsun) öz dilindən tutaraq belə deyərdi:
Vay olsun sənə! Ya xeyir danışaraq fayda əldə et, ya da pis şeylər danışmayaraq salamat qal, yoxsa bil ki, peşman olacaqsan.
Bax: Əhməd "Fədail Səhabə", 2/952
Pis və ədəbsiz dilin sahibinə verdiyi zərər:
Əbu Dərda (رضي الله عنه) dili kəskin və kobud olan bir qadını gördü və dedi:
“Əgər bu qadın lal olsaydı, onun üçün daha xeyirli olardı.”
İbn Əbi Dünya, “Əs-Samt”, səh. 83
Dil insanı müflis edər.
Ömər İbn AbduzAziz rahiməhullah belə demişdir:
Elə sələflərlə qarşılaşdım ki, onlar ibadəti nə orucda, nə namazda görərdilər, lakin ibadəti, dili insanların irzlərinə (haqlarına) toxunmaqdan tutub saxlamaqda görərdilər. Gecə namaza qalxan və gündüz oruc tutan dilini qorumazsa, qiyamət günü müflis olacaq.
Bax: İbn ƏbdilBərr "Ət-Təmhid", 17/443
Malik İbn Dinar (Allah ona rəhm etsin) belə demişdir:
Əbrarlar (yaxşılar, təqvalılar) bir-birilərinə üç şeyi tövsiyə edərdilər:
Dili həbs etməyi,
Çoxlu istiğfar etməyi,
təkliyə çəkilməyi (insanlardan uzaqlaşmağı)
Bax: Sifətu Safvə, 3/193
Çalış, az danış.
Sabit İbn Qurra (Allah ona rəhm etsin) belə demişdir:
Bədənin rahatlığı az yeməkdə, ruhun rahatlığı az günahda, dilin rahatlığı isə az danışmaqdadır.
Bax: Zadul Məad, 4/186
Savablarını başqalarına hədiyyə etmə.
Şeyxulislam İbn Teymiyyə rahiməhullah belə demişdir:
Səxavətliliyin ən pis növü qeybət, nəmmamlıq, böhtan, söymək və təhqir etməklə savablarını başqalarına hədiyyə etməyindir.
Bax: Məcmul Fətava, 8/454
Dilini qoru.
Böyük alim İbn Qeyyim (Allah ona rəhm etsin) belə demişdir:
Kim dilini Allahın zikrindən quru saxlayarsa, onun dili bütün batil şeylərlə, boş sözlərlə və çirkin əməllərlə islanar.
Bax: Vabilus Sayyib, 88.
Sözgəzdirmə!
Kəb (Allah ondan razı olsun) belə demişdir:
Nəmmamlıq etməkdən (söz gəzdirməkdən) qorxun. Həqiqətən onun sahibi qəbir əzabından xilas olmayacaq.
İbn Əbi Dunya "Məvsua" 4/405.
Ardı var inşə Allah