[ BİRİNCİ HƏDİS ]
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur:
Ramazan ayından bir və ya iki gün öncə oruc tutmayın, ancaq bir kimsənin orucu o günə rast gələrsə, həmin gün oruc tuta bilər.
Buxari, 1914. Muslim, 1082
Şərh (Şeyx Ubeyd Cəbiri) :
Bu hədis haqqında bir neçə cəhətdən danışacağıq.
Birinci: Ramazan orucunu qabaqlamayın.
İkinci: Bir və ya iki gün öncədən başlamayın. Məqsəd ayın daxil olmasından qabaq tələsməkdir. Bu da ya dəlillə yəni ayın görünməsiylə, ya da hava buludlu olub ay görünmədikdə Şaban ayını otuz günə tamamlamaqla.
Üçüncü: Bir kimsənin orucu o günə rast gələrsə, o gün oruc tuta bilər. Bunun da iki və ya üç halda olması ehtimalı var.
Birinci hal: Ötən Ramazandan qalan qəza. Yəni vaxt daralıb və həmin insan bu qəza oruclarını yalnız Ramazana bir və ya iki gün qalmış tamamlamağı bacarıb.
İkinci hal: Başqa səbəblərlə üzərinə oruc vacib olan kimsə. Kəffarə orucu, nəzir orucu və.s
Üçüncü hal: Bazarertəsi və Cümə axşamı oruc tutmağı adət edən kimsə. Onun da oruc tutmasında bir maneə yoxdur.
Burada bir sual var:
Deyilir ki, bəzi səhabələrdən (Allah onlardan razı olsun) Ramazandan bir, iki və ya üç gün öncə oruc tutduqları rəvayət olunub.
Cavab: Bu, onların (Allah onlardan razı olsun) ictihadıdır. Dəlil isə hüccətdir. Əgər səhabənin ictihadı Məsumdan (peyğəmbərdən) ﷺ gələn səhih dəlil ilə ziddiyyət təşkil edərsə, etimad olunan Məsumun (peyğəmbərin) ﷺ dəlilidir.
Buna görə də alimlərimiz üsul qaydalarında deyiblər ki, "Dəlil olan yerdə ictihad olmur".