Səlim İbn Abdullah İbn Ömərin İraq əhlinə nəsihəti

Səlim İbn Abdullah İbn Ömərin İraq əhlinə nəsihəti

    İmam Muslimdən Səlim bin Abdullahın belə dediyi rəvayət edilir: Ey İraq əhli! Necə kiçik günahları məndən soruşursunuz, özünüz isə böyük günahlar edirsiniz?! Mən atam Abdullah ibn Ömərdən belə dediyini eşitdim: Allahın Elçisinin salləllahu aleyhi və səlləm belə buyurduğunu eşitdim: "Həqiqətən fitnə (imtahan) bu tərəfdən gələcək." və əli ilə şeytanın buynuzları çıxacaq şərq tərəfi işarə etdi. Siz bir-birinizin boyunlarınızı vuracaqsınız. Musanın əleyhissələm Firon xalqından bir adamı öldürməsi isə xəta ilə (qəsdsiz şəkildə) olmuşdu. Allah təala ona belə buyurmuşdu:

وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَاكَ مِنَ الْغَمِّ وَفَتَنَّاكَ فُتُونًا

    "Sən bir nəfəri öldürdün. Sonra Biz səni o qəmdən xilas etdik və səni bir çox sınaqlardan keçirtdik." (Ta Hə surəsi, 40-cı ayə)1

 
   

 

Şərh (Şeyx Fovzan):

    Burada Səlim bin Abdullah bin Ömər bin Xəttab Allah onlardan razı olsun İraq əhlinə onların öz aralarında baş verəcək fitnə və şər işlər, onların birbirilərini öldürmələri və qan tökmələri haqqında bildirir. 

"Necə kiçik günahları mənə soruşursunuz, amma özünüz böyük günahlar edirsiniz?!" ifadəsində bəzi riyakar və radikal (şiddətli) insanların təbiətlərindən onların kiçik məsələlər haqqında soruşmaları, böyük məsələləri isə tərk etmələri nəzərdə tutulur. Bu, onların cəhalətlərinə və fitnə-fəsadı sevmələrinə görədir. Əvvəllər isə əksi idi: insan böyük məsələlər (günahlar) haqqında soruşardı ki, ondan çəkinsin. Kiçik məsələlərin işi isə yüngüldür və elə məsələləri araşdırmaq ifratçılıqdır. İfratçılıq isə özü ilə bərabər özbaşınalığa və hərc-mərcliyə gətirib çıxarır — Allaha sığınırıq. Buradan bu nəticəyə gəlmək olar ki: Müsəlman və elm tələbəsi böyük və təhlükəli məsələlərə diqqət yetirməli və onun haqqında sual verməlidir, kiçik məsələlərlə isə məşğul olmamalıdır.

    İraq əhli niyə radikaldır? Çünki onların əksəriyyəti hərurilər və xavariclərdəndir.2 Onlar kiçik məsələləri soruşar, təhlükəli böyük məsələlər haqqında soruşmağı isə tərk edər və onu işləyərlər. Bir rəvayətdə İbn Ömər radıyəllahu anh deyir: "Bir buna baxın! Ağcaqanadın qanı barədə soruşur, özləri isə Peyğəmbərin salləllahu aleyhi və səlləm oğlunu (nəvəsini) qətlə yetiriblər."3 Onu (Hüseyni radıyəllahu anh) öldürənlər İraq əhli idi, Allah Rəsulunun salləllahu aleyhi və səlləm nəvəsini öldürüblər. Diqqət et! Kiçik bir məsələ haqqında soruşurlar, ağcaqanadın qanı haqqında. Deyirlər ki: "Ağcaqanadın qanı nəcisdirmi?! Qüsl gərəkdirirmi?" Özləri isə böyük günah işləmişlər, Hüseyn bin Əlinin radıyəllahu anh Rəsulun salləllahu aleyhi və səlləm nəvəsinin qanını axıdıblar. Onu Mədinədən çağırdılar, o oradan çıxdı, onlar isə onu aldatdılar, eləcə tərk etdilər və nəticədə özü radiyəllahu anh və ətrafındakılar qətlə yetirildilər. Onlar (xavariclər) ona kömək etmədilər. Bu, onların təbiətidir.

    Sonra (müəllif) Rəsulun salləllahu aleyhi və səlləm hədisini zikr edir, fitnənin onlardan, Mədinənin şərq tərəfindən gələcəyini bildirir. Mədinənin şərqi haradır? İraqdır, elə deyilmi? Mədinənin şərqində yerləşən İraqdır. Allah Rəsulu salləllahu aleyhi və səlləm şərq tərəfə işarə etdi: "Həqiqətən fitnə (imtahan) bu tərəfdən gələcək." və əli ilə şeytanın buynuzları çıxacaq şərq tərəfi işarə etdi." O şərqdir və fitnə də Allaha sığınırıq şərqdən gələcək, Mədinənin şərqindən. Burada: kiçik məsələlərdəki ifratçılıqdan və böyük məsələlərə qarşı səhlənkarlıqdan çəkindirmə var. Həmçinin: qətl, yəni haqqsız yerə bir canın öldürülməsinin böyük günah olması. Əksər qətllərin baş verdiyi yer də İraqdır, xavariclərin çıxıb müsəlmanları öldürmələri kimi.

    Elə hadisələrdən biri də möminlərin əmiri Əli bin əbu Talib radiyəllahu anh ilə xavariclər arasında baş vermiş Nəhrəvan hadisəsidir. Onların böyük bir hissəsi öldürüldü. Altı min ya da daha çox xavarici Əli bin ıbu Talib radıyəllahu anh qətl etdi. Bununla da Allah müsəlmanları onların şərrindən qorudu. Onlar (xavariclər) kiçik məsələlərdən soruşmaqla yanaşı böyük günahlar işləyirlər. Ağcaqanadın qanı barədə soruşur, ancaq müsəlmanların qanını isə halal görürlər, necə ki Hüseyn və digərləri ilə etdikləri kimi. Burada həmçinin: radikallıqdan (şiddətdən) çəkindirmə var. Bu fitnədir, xavaricliyin əlamətidir, onların xislətidir. Kiçik günahları soruşurlar, böyük günahlara isə əhəmiyyət vermirlər Allaha sığınırıq. Bu, müsəlmanların bəzilərinin arasında baş verən fitnələrdəndir.

    Səlim bin Abdullah radıyəllahu anh haqqsız yerə öldürülməsinin şiddətini bəyan edir. Belə birr Musanın əleyhissələm başına gəlmişdi: necə ki Allah onun qissəsində zikr edir. Musa əleyhissələm Fironun evində böyüyüb başa çatır. Güclü və zəhmli idi. Allah Cəllə va Alə risaləni (peyğəmbərliyi) daşımağı ona asanlaşdırmışdı, buna görə də qüvvətli idi. Bir gün şəhərdə yolla gedərkən döyüşən (vuruşan) iki kişi görür: biri Bəni-İsraildən, Musanın əleyhissələm camaatından, digəri isə qibtilərdən, Fironun camaatındandır. "Biri onun tərəfdarlarından," (əl-Qasas, 15) Yəni, Bəni-İsraildən, "o biri isə düşmənlərindən idi." (əl-Qasas, 15) Yəni, Firon əhlindən. "Tərəfdarlarından olan kəs ona düşməninə qarşı istiğasə etdi" (əl-Qasas, 15) Yəni, Musadan imdad istədi. Həmçinin burada məxluqdan (yaradılandan) onun qadir olduğu şeylərdə istiğasə etməyin (kömək diləməyin) icazəli olmasının dəlili var. İstiğasə şiddət anında kömək diləmək deməkdir.4 Musanın əleyhissələm adətindən, comərdliyindən və kişiliyindən idi ki, möhtac olana kömək edərdi və dara düşəni xilas edərdi. Bu, onun xüsusiyyətlərindən idi. Musa əleyhissələm müdaxilə etdi, öldürmək məqsədi olmadan, sadəcə digərini qorumaq üçün əli ilə o kişiyə vurdu, zərbə endirdi. Güclü olduğuna görə bu zərbə onun ölməsinə səbəb oldu. Qəsdi olmadan onu öldürmüş oldu. Bu, xəta ilə olan qətldir. Sonra Musa — əleyhissələm — bunun xəta olduğunu və şeytanın əməlindən olduğunu etiraf edir. Rəbbindən istiğfar (bağışlanma) diləyir, O da onu bağışlayır. Lakin bundan sonra Musaya əleyhissələm imtahan üz verir: "Biz səni bir çox sınaqlardan keçirtdik." (Ta Hə, 40) Qorxu içində ətrafına baxaraq şəhərdən çıxır. Misirdən Mədyən torpaqlarına gedir, Mədyəndə on il qalır və Allahın bu haqda qissəni zikr etdiyi kimi orada qoyun otarır. Bunların hamısı Musa əleyhissələm üçün tərbiyə (təcrübə) idi. Həmçinin bu, xəta ilə olmasına baxmayaraq onun haqqsız yerə bir canın öldürülməsinin cəzasından dadması üçün idi. Bəs qəsdən öldürmək necə olsun?! — Bundan Allaha sığınırıq!

    Qəsdən bir canı öldürmək haqqında Uca Allah buyurur:

                             ﴾وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ﴿

    "Kim bir mömini qəsdən öldürərsə, onun cəzası cəhənnəmdir." (ən-Nisə, 93)

    Hətta kafiri belə əhdi (müqavilə) varsa ya da sığınıbsa öldürmək icazəli deyil, çünki o, Allahın haram etdiyi candır. Musanın əleyhissələm başına gələn hadisədə ibrət var. Həmçinin orada haqqsız yerə can almağın təhlükəsinə vurğu var. Bunda qan tökməkdən, müsəlmanların, habelə onların yanında əhdi (sazişi), toxunulmazlığı ya da müsəlmanların içində sığınacağı olanların qanlarını tökməkdən çəkindirmə var. Bu, təhlükəli məsələdir Allaha sığınırıq.

 

 

 

1 Muslim, 50, 2905

2 Onlar mühəkkimlərin (hökm məsələsində azanlar) məsələsi qalxanda möminlərin əmiri Əliyə qarşı çıxdılar (üsyana qalxdılar) və Kufə şəhərinin yaxınlığındakı Hərura adlı bir yerdə cəmləşdilər. Peyğəmbər — salləllahu aleyhi və səlləm — onların haqqında belə buyurmuşdur: "Sizlərdən biriniz öz namazını onların namazından, orucunu da onların orucundan həqir görəcək. Onlar ox yayından çıxdığı kimi dindən çıxacaqlar." Buxari rəvayət etmişdir (2610), Muslim (1064) isə Əbu Səid əl-Xudrinin — radıyəllahu anh — hədisindən. Beləliklə, camaatın (Şuranın) ittifaq etdiyi həqiqi rəhbərə qarşı çıxan (üsyan edən) xarici (xavaric) adlanır. Fərqi yoxdur, Raşidi rəhbərlərin dövründəki səhabələrin vaxtında olsun, onlardan sonra yaxşı (gözəl) tərzdə tabe olanların (Tabiinlər) vaxtında olsun ya da hərhansı bir vaxtda olsun. Bax: Məqalət əl-İsləmiyyə (səh. 4, 86), əl-Firaq beynə əl-Firaq, əl-Miləl van-Nihəl (1/114).

3 Buxari rəvayət etmişdir (5994)

4 Bax: Tərix əl-Urus (5/314), Mucəm əl-Vasit (2/665)