Qədr gecəsi

Qədr gecəsi
Mərhəmətli və Rəhimli Allahın adı ilə

Bəşəriyyətə nazil olmuş ən əzəmətli kitab Qurandır və Quran çox dəyərli bir gecədə nazil olmuşdur. Bu gecə Qədr gecəsidir. Uca Allah bu gecə haqqında kamil bir surə nazil etmişdir:
 
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
 
إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةِ ٱلۡقَدۡرِ
 
Həqiqətən, Biz Quranı Qədr gecəsində nazil etdik!
 
وَمَآ أَدۡرَىٰكَ مَا لَيۡلَةُ ٱلۡقَدۡرِ
 
Sən haradan biləsən ki, Qədr gecəsi nədir?
 
لَيۡلَةُ ٱلۡقَدۡرِ خَيۡرٞ مِّنۡ أَلۡفِ شَهۡرٖ
 
Qədr gecəsi min aydan xeyirlidir.
 
تَنَزَّلُ ٱلۡمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذۡنِ رَبِّهِم مِّن كُلِّ أَمۡرٖ
 
O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər.
 
سَلَٰمٌ هِيَ حَتَّىٰ مَطۡلَعِ ٱلۡفَجۡرِ
 
O gecə sübh açılanadək əmin-amanlıq olur. (Qədr surəsi, 1-5)
 
*Başqa ayədə isə uca Allah bu gecəni mübarək gecə adlandırmışdır:
 
إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةٖ مُّبَٰرَكَةٍۚ إِنَّا كُنَّا مُنذِرِينَ
 
Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq.
 
فِيهَا يُفۡرَقُ كُلُّ أَمۡرٍ حَكِيمٍ
 
Hər bir hikmətli iş o gecədə ayırd edilir. (Duxan, 3-4)

 
*Qədr gecəsi nə üçün bu adla adlandırılmışdır?
 
 
Deyilir ki, bu adla adlandırılıb, çünki o gecənin Allah qatında qədir-qiyməti (dəyəri) böyükdür.
 
Deyilir ki, həmin gecədə ibadətin qədir-qiyməti (dəyəri) Allah qatında böyükdür.
 
Həmçinin deyilir ki, həmin gecədə bir il ərzində baş verəcək şeylər təqdir olunur.

 
Bax: Alləmə AbdurRahman Sədi "Taliqat alə Umdətul Əhkam" Oruc babı
 
*Qədr gecəsi nə vaxtdır?
 
Rasulullah belə buyurmuşdur:
 
Qədr gecəsini Ramazanın son on günündəki tək gecələrdə axtarın.
 
Bax: Buxari, 2017
 
Hafiz İbn Həcər (Allah ona rəhm etsin) belə deyir:
 
Qədr gecəsi, Ramazan ayındadır, sonra isə Ramazan ayının son on gecəsində olmaqla məhdudlaşdırılmışdır, sonra isə tək gecələrdə məhdudlaşdırılmış, daha sonra isə müəyyən bir gecədə məhdudlaşdırılmamışdır. Bu məsələ barədə rəvayət olunan dəlillər bunu ifadə edir.
 
Bax: Fəthul Bari, 4/260
 
*Kim on gecənin hamısını ibadətdə keçirərsə, Qədr gecəsinə isabət etmiş olar.
 
İmam İbn Qeyyim (Allah ona rəhm etsin) belə demişdir:
 
Əgər Qədr gecəsi ildə bir gecə olsaydı, o gecəyə yetişmək üçün bütün ili ibadətə qalxardım. Elə isə on gecəni necə?! (ibadətə qalxmayım).
 
Bax: Bədəiul Fəvaid, 1/55.
 
*Bəs Qədr gecəsinin ən çox isabət etdiyi gecə hansıdır?
 
Böyük səhabə Ubey İbn Kəb (Allah ondan razı olsun) belə demişdir:
 
Tək olan Allaha and olsun ki, mən Qədr gecəsinin hansı gecə olduğunu bilirəm. Qədr gecəsi Allah Elçisinin bizə ibadətdə keçirməyi əmr etdiyi gecədir. O gecə iyirmi yeddinci gecədir. Həmin gecənin səhəri günəş şüasız çıxar.
 
Bax: Muslim, 762.
 
Şeyx Muhəmməd Əli Adəm Əl-İtyubi (Allah ona rəhm etsin) belə demişdir:
 
Alimlər Qədr gecəsinin hansı gecə olması barədə çox ixtilaf ediblər. Onların məzhəblərindən bizə bəlli olan bu barədə qırxdan artıq rəyin olmasıdır. Mənim üstün gördüyüm rəy dəlillərin güclü olmasına görə cumhur alimlərin üstün gördüyü iyirmi yeddinci gecədir.
 
Bax: Şərh Səhih Muslim, 21/559.
 
*Qədr gecəsi olması ehtimal olan gecələrdə edilən dua:
 
"اللّهُمَّ إنَكَ عَفُوٌّ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّي"
 
"ALLAHUMMƏ İNNƏKƏ AFUVVUN TUHİBBUL AFVƏ FƏFU ANNİ"
 
"Allahım sən əfv edənsən (bağışlayansan) və əfv etməyi də sevirsən məni əfv et (bağışla)."
 
*Qədr gecəsi olması ehtimal olunan gecələrdə oyaq qalmaq mütləqdirmi?
 
Elm əhli buyurur:
 
Ramazanın son on gecəsində oyaq qalaraq ibadət etmək sünnədir, amma Qədr gecəsinin savabını əldə etmək üçün şərt deyil. Hər hansısa bir müsəlman gecənin bir hissəsini ibadət edib, sonra yatarsa və həmin gecə Qədr gecəsinə uyğun gələrsə, həmin gecənin savabını əldə etməsi ümid edilir.
 
*Axı Quran hissə-hissə nazil olub, bəs necə olur ki, Allah onun Qədr gecəsi nazil olduğunu deyir:
 
Böyük səhabə İbn Abbas (Allah onlardan razı olsun) belə demişdir:
 
Quran bütöv bir şəkildə dünya səmasına Qədr gecəsində nazil edilib. Bundan sonra isə iyirmi il ərzində nazil edilib və bu ayəni oxudu:
 
وَقُرْآنًا فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَىٰ مُكْثٍ وَنَزَّلْنَاهُ تَنْزِيلًا
 
Quranı insanlara aramla oxuyasan deyə, Biz onu hissələrə ayırıb tədriclə nazil etdik. (İsra, 106)
 
Bax: Əbu Ubeyd "Fədailul Quran" səh. 367. səhihdir.
 
Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha.