[ GİRİŞ ]
Mərhəmətli və Rəhmli Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Allahın salavatı və salamı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və bütün səhabələrinə olsun.
Hafiz AbdulĞani Məqdisi (Allah ona rəhmət etsin) "Hökmlərin əsası" kitabında belə buyurur:
Oruc kitabı
Şərh: (Şeyx Ubeyd Cəbiri)
Orucun iki mənası var. Biri lüğəti, digəri isə şəriətdə olan mənası.
Oruc lüğətdə: Niyyətsiz özünü bir şeydən tutub saxlamağa deyilir.
Özünü danışmaqdan, evdə oturmaqdan tutub saxlamaq və məscidə bağlı olmaq.
Orucun şəriətdə olan mənasına gəldikdə isə o, niyyət edərək fəcr namazından günəş batana qədər özünü mədənin və cinsiyyət üzvünün şəhvətindən tutub saxlamağa deyilir. Həmçinin deyilir ki, insanın özünü orucu pozan yemək, içmək və onların hökmündə olan hər şeydən tutub saxlamaqdır. Bu iki məna (lüğəvi və şəri məna) arasında fərq niyyətə görədir. Bundan da bilirsiniz ki, bəzi şəxslərin bəzən bir ayı belə ötüb keçən aclıq aksiyası lüğəvi və şəriət cəhətindən oruc tutmaq sayılmır. Bu, münkər bir bidətdir. Bəzi müsəlmanlar bunu kafirlər tərəfindən gördükləri əziyyətlərə görə edirlər. Bu, özünə zərər vermək və özünü ölümə tərk etməkdir. Bu da Allahın qadağan etdiyi şeyə müxalif olmaqdır. Uca Allah ﷻ belə buyurur:
وَلَا تَقۡتُلُوۤا۟ أَنفُسَكُمۡۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُمۡ رَحِیمࣰا
Özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir. (Nisa, 29)
Bunun ikinci zərəri də düşmən bu şeyə görə sevinir. Müsəlmanlar həbsxanalarda əziyyətlərə görə aclıq aksiyası etdikdə yəhudilər, nəsranilər və digər kafirlər sevinirlər və istəyirlər ki, bu aclıq aksiyası edənlərin hamısı ölsünlər.
Ey müsəlmanlar! Bilin ki, orucun növləri var.
Birincisi:
Bütün mükəlləflərə- kişiyə, qadına, qula, azad şəxsə vacib olan Ramazan orucudur. Allahdan istəyirik ki, bizim hamımızı bu aya çatdırsın və bizə kömək etsin, bu ayın tamamına çatdırsın və bizdən qəbul etsin!! Ramazan orucu Quran, Sünnə və müsəlmanların hamısının icması ilə vacibdir. Hətta fatihə surəsini düzgün oxuya bilməyən salamat fitrətli yaşlı insan belə bu ayın orucunun vacib olduğunu etiqad edir.
Bilin ki, Allah bizi və sizi xeyirli söz və əməllərə yönəltsin. Bu orucun vacib olmasının şərtləri var.
Birinci şərt: Mükəlləf olmaq. Həddi buluğa çatmaq və ağıllı olmaq. Belə olmayana şəriət hökmləri vacib olmur.
İkinci şərt: Ramazan ayının daxil olması. Bunun da iki yolu var.
Birinci yol: Ramazan hilalını (ayını) görməklə.
İkinci yol: Şaban ayını otuz günə tamamlamaqla. İnşallah bunun izahı irəlidə gələcək .
Üçüncü şərt: Səfərdə olmamaq
Dördüncü şərt: Oruc tutmağa mane olacaq xəstəlikdən salamat olmaq. Buna da etibarlı müsəlman həkim qərar verir.
Qadınlar üçün beşinci şərt:
Heyz (aybaşı dövrü) və nifasdan (doğuşdan sonrakı hal) təmizlənmək
Bu, şəriətlə bütün həddi buluğa çatmış və ağlı olan müsəlman kişi və qadına vacib olan Ramazan orucudur.
Orucun ikinci növü:
Hər hansısa bir səbəbə görə vacib olan oruc.
Buna da nəzir orucu, kəffarə orucları- öldürmə kəffarəsi, and kəffarəsi, zihar kəffarəsi (kişinin zövcəsini anasına bənzədərək onunla yaxınlıq etməyi tərk etməsi), Ramazanın gündüzündə qadınla yaxınlıq kəffarəsi və.s aiddir. Bu, hamıya deyil, kəffarəni gərəktirən əməli edən şəxsə vacib olan oruclardır.
Üçüncü: Nafilə oruclar. Hər hicri ayın on üçü, on dördü və on beşi, həftənin bazarertəsi və cümə axşamı günü və.s kimi nafilə oruclar.
Hazırladı: Samiq Mustafayev