Mənə altı şeyi zəamnət verin …

Mənə altı şeyi zəamnət verin …

“Mənə altı şeyi zəmanət verin (təmin edin), mən də sizə Cənnəti zəmanət verim (cənnətə girməyinizə zamin durum)”

 

Hər kəsə məlumdur ki, “zəmanət” anlayışı insanlar arasında alış-verişdə və ümumi ticarətdə böyük əhəmiyyət daşıyır. Zəmanətli mallar insanların gözündə zəmanətsiz mallardan daha dəyərlidir. Bu da insanların zəmanətli şeylərə daha çox önəm verdiyini göstərir. Bu önəm isə zəmanəti verənin etibarlı, doğruçu və əmanətə sadiq olması ilə daha da artır. Üstəlik, bu zəmanəti əldə etmək üçün tələb olunan şeylər asan və çətinliksiz olduqda, insanların buna marağı daha da güclənir.

 

Bəs zəmanət verən şəxs peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi və səlləm) olarsa necə? O ki, doğru danışan və doğru söyləyən, nəfsi ilə deyil, vəhy ilə danışandır. Bəs zəmanət verilən şey- eni göylər və yer qədər olan, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin qəlbinə gəlməyən nemətlərlə dolu Cənnət olarsa necə? Üstəlik, bu zəmanəti qazanmaq üçün lazım olan əməllər sadə və çətinliksizdirsə?

 

Ubada ibn Samit (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurdu:

 

“Mənə özünüzdən altı şeyi zəmanət verin (təmin edin), mən də sizə Cənnəti zəmanət verim (təmin edim):

 

 • danışdığınız zaman doğru olun,

 • vəd verdikdə yerinə yetirin,

 • sizə əmanət ediləni qaytarın,

 • iffətinizi qoruyun,

 • gözlərinizi haramdan çəkin,

 • əllərinizi (insanlara zərər verməkdən) saxlayın.”**

 

Bax: Silsilə Sahihə, 1470


Bu, qarşılıqlı bir zəmanətdir və vəfaya qarşı vəfadır:

“Mənə özünüzdən altı şeyi təmin edin, mən də sizə Cənnəti təmin edim.”

Bu altı əməl nə qədər də asandır! Xeyir qapılarından olan bu işlər nə qədər yüngül və sadədir! Kim həyatında bunlara əməl edər və ölümünə qədər qoruyarsa, onun üçün Cənnət təmin olunmuş, ora gedən yolu isə qəti və təhlükəsiz olmuşdur:

 

“Cənnət təqvalılar üçün yaxınlaşdırılacaq. Bu, sizə vəd ediləndir – (Allaha) yönələn və (Onun əmrlərini) qoruyan hər kəs üçün. O kəs ki, Rəhmandan onu görmədən qorxar və tövbəkar qəlblə gələr. (Onlara deyilər:) Ora əmin-amanlıqla daxil olun! Bu, əbədilik günüdür. Orada onlar üçün istədikləri hər şey vardır, üstəlik Bizim qatımızda daha artığı da vardır.” (Qaf, 31–35)

 

Birinci xüsusiyyət – doğru danışmaqdır.

Mömin danışığında doğru olar, yalan ona yaxın düşməz. O, həyatı boyu doğruluğa sadiq qalar və bu onu Cənnətə aparar. Hədisdə deyilir:

“Doğru olun! Çünki doğruluq yaxşılığa, yaxşılıq isə Cənnətə aparır. İnsan daim doğru danışar və doğruluğa can atar, nəhayət Allah yanında ‘siddiq’ (çox doğru) kimi yazılar.” (Muslim)

 

İkinci xüsusiyyət – vədə və əhdə sadiq qalmaqdır.

Bu, möminlərin və təqvalıların əlamətidir. Onlar vədlərini pozmaz, əhdlərini sındırmazlar. Vəfa cəmiyyətin əsas sütunlarından biridir. Bütün münasibətlər, alış-veriş və əlaqələr vəfaya bağlıdır. Vəfa yox olarsa, etibar itər, münasibətlər pozular və nifaq yaranar.

 

Üçüncü xüsusiyyət – əmanəti yerinə yetirməkdir.

Bu, ən böyük əxlaqi xüsusiyyətlərdəndir. İmanın kamilliyindəndir və gözəl müsəlmanlığın göstəricisidir. Əmanətlə din, namus, mal, can və digər dəyərlər qorunur. Hədisdə buyurulur:

“Mömin o kəsdir ki, insanlar mallarını və canlarını ona etibar edər.” (Əhməd)

Əmanət yayıldıqda cəmiyyət möhkəmlənir və bərəkət artır.

 

Dördüncü xüsusiyyət – iffəti qorumaqdır.

Yəni haramdan uzaq olmaq:

“Onlar iffətlərini qoruyarlar… kim bundan artığını istəyərsə, onlar həddi aşanlardır.” (Muminun, 5–7)

Bu, nəsli qoruyur, cəmiyyəti təmiz saxlayır və xəstəliklərdən qoruyur.

 

Beşinci xüsusiyyət – baxışı haramdan çəkməkdir.

Allah buyurur:

“Mömin kişilərə de ki, baxışlarını aşağı salsınlar və iffətlərini qorusunlar… Mömin qadınlara da de ki, baxışlarını aşağı salsınlar…” (Nur, 30–31)

Bu, imanın şirinliyini artırır, qəlbi nurlandırır və insanı haramdan qoruyur.

 

Altıncı xüsusiyyət – əlləri (pislikdən) saxlamaqdır.

Yəni insanlara zərər verməmək. Başqalarına əziyyət verən insanı Allah da, insanlar da sevməz. Bu, pis əxlaqın göstəricisidir. Əksinə, zərər verməmək və hətta zərəri aradan qaldırmaq böyük savabdır. Hədisdə deyilir:

Bir kişi yolda insanlara mane olan bir budağı götürdü və buna görə Cənnətə daxil edildi. (Muslim)

Beləliklə, Cənnətin qapıları açıq, yolu aydın və asandır. Fürsəti qaçırmadan bu əməllərə sarılaq və xeyir işlərimizi artıraq.

 

Allah hamımıza buna əməl etməyi nəsib etsin və bizi xeyirə yönəltsin.