Qadınların ən xeyirlisi

Qadınların ən xeyirlisi
Bismilləh.

İstər bu ümmətdən, istərsə də əvvəlki ümmətlərdən fəzilətli qadınlar olmuşlar. Onların fəzilətləri barədə Quran və Sünnədə dəlillər gəlmişdir. Hansının daha xeyirli olması barədə bəzi hədisləri zikr edəcəyik.

Amr İbn As (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) soruşdum:

 İnsanların sənə ən sevimli olanı kimdir? O dedi: Aişə, mən dedim: Bəs kişilərdən? Dedi: Atası (Əbu Bəkr). Dedim: Bəs sonra? Dedi: Ömər İbn Xattab.

Bax: Buxari, 3662.

Bu hədis dəlalət edir ki, Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) kişilərdən ən sevimli olan kimsə Əbu Bəkrdir. Bu, alimlər arasında icmadır.

Amma Aişəni Xədicədən daha çox sevməsinə gəldikdə isə bu məsələdə dayanırıq. Çünki Amr İbn As sualında yaşayan insanlardan ən sevimli olanı qəsd edirdi. Xədicə (Allah ondan razı olsun) həmin vaxtı vəfat etmişdir.

Buna görə də, onların hansının üstün olması barədə alimlər ixtilaf etmişlər.

Böyük alim İbn Teymiyyə (Allah ona rəhm etsin) belə demişdir:

Bu ümmətin ən üstün qadınları Xədicə, Aişə və Fatimədir. Onların hansının daha üstün olması isə ixtilafdır və təfsilat gərəkdirən məsələdir.

Bax: Məcmul Fətava, 4/394.

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur:

Aişənin digər qadınlardan üstünlüyü səridin (ətli ərəb yeməyi) digər yeməklərdən üstünlüyü kimidir. 

Bax: Buxari, 3411

Bəzi alimlər bu hədisə görə Aişə demişlər.

Başqa hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur:

Ümmətin ən xeyirli qadını Xədicədir.  

Bax: Buxari, 3432.

Bəzi alimlər də bu hədisə görə Xədicə demişlər.

Başqa bir hədisdə isə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Fatiməyə belə demişdir:

Cənnət qadınlarının seyyidəsi (ən üstünü) olmaq istəmirsənmi?!

Bax: Buxari, 3624.

Bəzi alimlər isə bu hədisə görə Fatimə demişlər.

Hədislərdən göründüyü kimi hərəsinə ayrı-ayrı fəzilət gəlmişdir. Ona görə də, onların hansının üstün olması məsələsində susmaq daha yaxşıdır.

İbn Abbasdan (Allah ondan və atasından razı olsun) rəvayət olunur ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur:

Cənnət qadınlarının ən üstünü Xədicə bint Xuveylid, Fatimə bint Muhəmməd, Fironun həyat yoldaşı Əsiyə bint Muzahim və Məryəm bint İmrandır. (bint yəni qızı)

Bax: Sahihul Cəmi, 1135.

Böyük alim Nəvəvi (Allah ona rəəhm etsin) belə demişdir:

Məryəm bint İmran və Xədicə bint Xuveylidə gəlincə onlar hərəsi öz zamanın ın üstün qadını idi. Amma aralarında hansının üstün olması barəsində susulur.

Bax: Şərh Muslim, 15/198.

Böyük təfsirçi İbn Kəsir (Allah ona rəhm etsin) belə demişdir:

Aişə ilə Xədicənin hansının daha üstün olması barədə dayanmaq və susmaq daha yaxşıdır.

Bax: Əl-Bidayə vən Nihayə, 4/422.

Hafiz İbn Həcər (Allah ona rəhm etsin) də hədisləri cəm edərək birinin digərindən üstün olmamasını deyir.

Bax: Fəthul Bəri, 7/139.

Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha.