İmam Muzəni (rahiməhullah) deyir: "Allah Adəmi əli ilə yaratdı."
Şeyx Ubeyd əl-Cəbiri (rahiməhullah) bu sözü şərh edərək deyir: "Allahın Adəmi əli ilə yaratmağı Allahın əl sifətinə iman gətirməyin vacibliyinə dəlalət edir. Əli qüdrət olaraq yozanlara iki cəhətdən rədd verilir:
Birinci: Allah İblisə (Ona Allahın lənəti olsun) mələklərlə birlikdə Adəmə səcdə etməyi əmr etdikdə və Allah onu səcdə etmədiyini görə danladıqda İblis "Məni də əlinlə yaratmısan" sözünü dəlil gətirmədi. Əgər əl qüdrət olsaydı, İblis bunu deyərdi. Lakin Allahın düşməni İblis Allahın əlinin qüdrət olmadığını bilirdi. İblis bu məsələdə bu bidətçilərdən daha ağıllıdır!
İkinci: Onların sözünə görə Allahın iki qüdrəti olmalıdır. Uca Allah buyurur:
{ بَلۡ يَدَاهُ مَبۡسُوطَتَانِ يُنفِقُ كَيۡفَ يَشَآءُۚ }
Əksinə, Allahın hər iki əli açıqdır, Öz lütfündən istədiyi kimi sərf edir. (Maidə, 64)
Bunu (iki qüdrəti olduğunu) heç kim deməmişdir. Kim Allahın əlini nemət olaraq yozursa, ona deyilir ki, "sənin sözün Allahın iki neməti olmağını gərəkdirir". Çünki Uca Allah buyurur:
{ بَلۡ يَدَاهُ مَبۡسُوطَتَانِ }
Əksinə, Allahın hər iki əli açıqdır. (Maidə, 64)
Bu da Uca Allahın bu sözünə müxalifdir:
{ وَإِن تَعُدُّواْ نِعۡمَةَ ٱللَّهِ لَا تُحۡصُوهَآۗ إِنَّ ٱللَّهَ لَغَفُورٞ رَّحِيمٞ }
Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl, 18)
Həqiqətən, Allahın nemətləri çoxdur."
Şərh Sünnə Muzəni, səh. 29.