Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, biz Peyğəmbərin ﷺ yanında oturmuşduq. Bu zaman bir kişi gəlib dedi: "Ey Allahın elçisi, mən həlak oldum!"
Peyğəmbər ﷺ dedi: "Nə olub?"
Kişi dedi: "Mən oruclu olarkən yoldaşımla cinsi yaxınlıq etmişəm".
Peyğəmbər ﷺ dedi: "Sənin azad etməyə qulun varmı?"
Kişi dedi: "Xeyr".
Peyğəmbər ﷺ dedi: "Sən 2 ay ardıcıl oruc tuta bilərsənmi?"
Kişi dedi: "Xeyr".
Peyğəmbər ﷺ dedi: "60 nəfər miskini yedizdirməyə imkanın varmı?"
Kişi dedi: "Xeyr".
Peyğəmbər ﷺ bir an susdu. Bu əsnada Peyğəmbərə ﷺ bir zənbil xurma gətirdilər.
Peyğəmbər ﷺ dedi: "Sual verən kişi haradadır?"
Kişi dedi: "Mən buradayam".
Peyğəmbər ﷺ dedi: "Götür bu xurmanı, kəffarəni ver".
Kişi dedi: "Ey Allahın elçisi, özümdən də kasıbına verəcəyəm?! Allaha and olsun ki, bu mahalda mənim ailəmdən daha ehtiyaclısı yoxdur".
Bunu eşidən Peyğəmbər ﷺ güldü, hətta onun arxa dişləri belə göründü. Sonra dedi: "Yaxşı, onda (xurmanı) ailənə yedizdirərsən".
Buxari, 1936 ... Muslim, 1111
Şərh:
Bu hədisin faydalarından:
Birinci: Bu kişinin Rasulullahın ﷺ yanına gələrək "Mən həlak oldum"- deməsi dəlalət edir ki, o, Ramazanın gündüzündə cinsi yaxınlıq etməyin haram olmasını iqrar edirdi.
İkinci: Bu kişinin Allahın onun günahını silməsinə yol göstərməsi üçün Rasulullahın ﷺ yanına gəlməsi onun fəzilətindəndir.
Üçüncü: Kəffarə, bu kəffarənin Ramazanın gündüzünə aid olmasının xüsusiləşdirilməsi. Kim Ramazandan başqa bir vaxtda cinsi yaxınlıq səbəbi ilə orucunu pozarsa, bu kəffarə ona aid deyil.
Hətta bəzi elm əhli buyurur ki, bu kəffarə Ramazan qəzasına da aid deyil.
Dördüncü: Bu kəffarə mərhələlidir. Bu kəffarə zihar kəffarəsidir. Kim Ramazanın gündüzündə bilərək, xatırlayaraq, öz ixtiyarı ilə cinsi yaxınlıq edərsə, onun birinci edəcəyi şey mömin bir qulu azad etməkdir.
İkincisi: Altmış gün ardıcıl oruc tutmaqdır. Ona görə Rasulullah ﷺ "buna gücün çatarmı"- deyə soruşmuşdu.
Üçüncüsü: Altmış yoxsulu yedirməkdir.
Hədisdə xitab kişiyədir. Bu kəffarə qadına da aid edilirmi?
Cavab: Alimlərin ən üstün rəyinə görə bunun şərtləri var:
Birinci: Qadın buna razı olmalıdır.
İkinci: Öz ixtiyarı ilə olmalıdır.
Üçüncü: Oruclu olduğunu xatırlamalıdır.
Həmçinin hədisin faydalarından:
- Kəffarəni verə bilməyən aciz insana kömək etməyin icazəli olması
- Aciz insandan kəffarənin hökmünün düşməsi. Buna da iki şey dəlalət edir:
"onda (xurmanı) ailənə yedizdirərsən" sözü
Həmçinin Rasulullah ﷺ ona demədi ki; "sonra kəffarə verərsən" və ya " "vəziyyətin düzələndə edərsən".