Əsr namazı haqqında

Əsr namazı haqqında

Bismilləh
 
Əsr (İkindi) namazı beş vaxt fərz namazların üçüncüsüdür. Dörd rükətdir. Bu namaz Quranda orta namaz da adlandırılıb.
 
Uca Allah belə buyurur:

  • حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلَاةِ الْوُسْطَىٰ وَقُومُوا لِلَّهِ قَانِتِينَ

“(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin” (Bəqərə, 238).


Orta namaz əsr (ikindi) namazıdır. Bu barədə səhih hədis də varid olmuşdur. Bu ayədə ümümən bütün namazları xüsusən də Əsr (ikindi) namazına riayət etmək gəlmişdir.

 
•Əsr (ikindi) namazının vaxtı
 
Əsr (ikindi) namazının vaxtı Zöhr namazının vaxtı bitəndə daxil olur. Yəni əşyanın kölgəsinin özü boyda olduğu vaxt. Bu, əksər alimlərin görüşüdür.

 
•Əsr (İkindi) namazının fəziləti haqqında hədislər
 
Allah Elçisi  belə buyurmuşdur:
 
Kim fəcr (sübh) və əsr namazını qılarsa, cənnətə girər.
 
Buxari və Muslim rəvayət etmişlər.

 
Şeyx İbn Useymin (Allah ona rəhm etsin) bu hədisin izahı barədə belə demişdir:
 
Bu iki namazı qorumaq və vaxtında qılmaq, cənnətə girməyin səbəblərindəndir.
 
Şərh Riyadus Salihin, 2/188
 
Başqa bir hədisdə Allah Elçisi  belə buyurmuşdur:

Bu namaz sizdən öncəki ümmətlərə də verilmişdi, onlar bu namazı zay etdilər (vaxtında qılmağa riayət etmədiər). Kim bu namaza riayət edərsə, ona ikiqat əcr (savab) var.
 
Muslim, 830
 
Yəni: Bir əcr (savab) digər namazlar kimi vaxtında qılmağa riayət etdiyinə görə, bir əcr (savab) da öncəki ümmətlərə müxalif olaraq riayət etdiyinə görə
 

•Əsr namazına riayət etməməyin təhlükəsi

 
Allah Elçisi  belə buyurmuşdur:

 
Kim Əsr (İkindi) namazını tərk edərsə (vaxtında qılmazsa), onun əməli puça çıxar.


Buxari, 553
 
Bəzi alimlər bu hədisdə həmin insanın əsr namazını tərk etdiyi günü əməlinin puç olacağını demişlər.

 
Başqa hədisdə Allah Elçisi  belə buyurmuşdur:
 
Əsr (İkindi) namazını qaçıran (vaxtında qılmayan) kimsə, sanki ailəsini və malını itirmiş kimidir.
 
Buxari və Muslim rəvayət etmişlər

 
Böyük alim İbn Teymiyyə (Allah ona rəhm etsin) belə demişdir:
 
Əsr namazının vaxtını keçirmək digərlərinin vaxtını keçirməkdən daha betərdir. Çünki orta namazı (əsr namazını) qorumaq və vaxtında qılmaq barədə xüsusi əmr gəlmişdir. Bu namaz bizdən əvvəlkilərə də vacib edilmişdi və onlar onu zay etmişdilər.
 
Məcmul Fətava, 22/54.

 
Sonda həmd olsun aləmlərin Rəbbi olan Allaha