Sual:
Əgər insan həyati vəziyyətinə, yaşayışında baş verən sıxıntılar və ailəsinə baxa bilmədiyinə görə özünü öldürərsə, bu, o deməkdirmi ki, o, cəhənnəmdə əbədi qalacaq? Bizi faydalandırın, Allah sizi faydalandırsın.
Cavab:
Özünü öldürmək çox böyük bir çirkin əməl və böyük günahlardan biridir. Müsəlmana özünü öldürmək icazəli deyildir.
Uca Allah ﷻ belə buyurur:
Özünüzü öldürməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir. (Nisa, 29)
Peyğəmbər ﷺ səhih hədisdə belə buyurmuşdur:
"Kimi özünü bir şeylə öldürərsə, qiyamət günü həmin şeylə ona əzab verilər."
Möminə vacibdir ki, səbirli olsun və dünyasında ona bir sıxıntı və məşəqqət toxunubsa, bunda dözümlü olsun və dərhal bundan çıxış yolunu özünü öldürməkdə axtarmasın, əksinə, özünü öldürməkdən çəkinsin, Allahdan qorxsun və səbəbləri götürərək səbirli olsun.
Kim Allahdan qorxarsa, Allah ona çıxış yolu göstərər. (Talaq, 2)
Əgər özünü öldürərsə, Allahın qəzəbinə və cəzasına məruz qalacaq. Özünü öldürəni bağışlamaq Allahın istəyi altındadır, çünki şirkdən daha aşağı günahdır.
Uca Allah ﷻ belə buyurur:
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan aşağı olan günahları isə istədiyi kimsəyə bağışlayar. (Nisa, 48)
Şirkdən aşağı olan günahlar Allahın istəyi altındadır. Özünü öldürmək şirkdən aşağı olan bir günahdır. Eləcə də zina, oğurluq, sərxoşedici içki içmək. Şirkdən aşağı olan bütün günahları edən Allahın istəyi altındadır. Əgər insan bu günahlardan tövbə etmədən ölərsə, Allah istəsə onun digər saleh əməllərinə və İslamına görə onu bağışlayar, istəsə də günahının miqdarında ona əzab verər. Sonra həmin günahdan təmizləndikdən sonra cəhənnəmdən çıxarılar. Əhli-Sünnə vəl-Camaatın etiqadına görə belə bir kəs cəhənnəmdə əbədi qalmaz. Günahkar cəhənnəmdə əbədi qalmaz. Nə öldürən, nə də ki, başqası..
Lakin Allah istəsə ona əzab verər, günahının miqdarında cəhənnəmdə əzab çəkər, sonra oradan çıxarılar.