Siğənin hökmü
- 1957
Əgər əvvəlki həyat yoldaşı bu əməli (sehr etdirdiyini) etiraf edibsə və ya bu ona qarşı dəlillərlə sübuta yetirilibsə, o zaman o çox böyük bir pislik etmişdir, hətta küfr və azğınlıqdır. Çünki onun etdiyi iş haram olan sehrdir və sehr edən şəxs kafirdir. Uca Allah buyurur:
Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. (Mələklər): “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş (onu) heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər! (Bəqərə 102 mənaca tərcüməsi)
Bu ayə göstərir ki, sehr küfrdür və sehrbaz kafirdir. Sehrbazlar özlərinə zərər verən, fayda verməyən şeyləri öyrənirlər. Onların məqsədlərindən biri də ər ilə arvadın arasını vurmaqdır. Onların axirətdə heç bir payı yoxdur, yəni nicatdan nəsibləri olmayacaqdır.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur:
“Yeddi məhvedici günahdan çəkinin.” Soruşdular: “Ey Allahın Rəsulu, onlar hansılardır?” Buyurdu: “Allaha şərik qoşmaq, sehr, haqsız yerə adam öldürmək, faiz yemək, yetimin malını yemək, döyüşdən qaçmaq və namuslu mömin qadınlara böhtan atmaq.”
Sənə dərman verən şeyxə gəlincə, görünür o da həmin qadın kimi sehrbazdır. Çünki sehr işlərini yalnız sehrbazlar bilir. O həm də qeyb bildiyini iddia edən falçı və kahinlərdəndir. Müsəlman belə adamlardan çəkinməli və onların qeyb haqqında dediklərinə inanmamalıdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur:
“Kim falçıya gedib ondan bir şey soruşarsa, qırx gün onun namazı qəbul olunmaz.” (Müslim)
Başqa bir hədisdə isə buyurulur:
“Kim falçıya və ya kahinə gedib onun dediyini təsdiqləyərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar.”
Sənə vacib olan – etdiklərinə görə tövbə etmək, peşman olmaq və bu şeyxi və əvvəlki həyat yoldaşını məsul şəxslərə bildirməkdir ki, onlar lazımi tədbirləri görsünlər. Əgər belə bir hadisə yenə baş verərsə, şəriət alimlərinə müraciət et ki, sənə düzgün müalicə yolunu göstərsinlər.
Əgər sənə dəyən təsir artıq keçibsə, Allaha şükür et. Əks halda, bizə bildir ki, sənə şəri müalicəni izah edək.
Allah bizə və sənə dini düzgün anlamağı, ona sabit qalmağı və ona zidd olan şeylərdən qorunmağı nəsib etsin. Həqiqətən, O səxavətli və kərimdir.
Məqalə Şeyx İbn Bəzin rəsmi saytından götürülmüşdür.