Şaban ayı / Şeyx İbn Useymin
Ey müsəlmanlar! Biz artıq şaban ayındayıq. Biz bu ayla əlaqəli altı önəmli məsələdən danışacağıq və bəyan etməyimiz vacib olan şeyi açıqlayacağıq. Uca Allahdan bizə və sizə faydalı elm və saleh əməl verməsini diləyirik.
Birinci: Şaban orucudur.
Şaban ayının orucu digər ayların orucundan fərqlənirmi?
Cavab: Bəli, Peyğəmbər ﷺ Şaban ayının az bir hissəsi istisna olmaqla, çox günlərini oruc tutaraq keçirərdi. Buna görə də Peyğəmbəri ﷺ örnək götürərək Şaban ayında orucları çoxaltmaq sünnədir.
İkinci məsələ: Ayın 15-ci günü oruc tutmaq
Yəni xüsusilə 15-ci günü oruc tutmaq. Bu barədəsə zəif hədislər varid olmuşdur. Bu hədislərdən heç biri Peyğəmbərdən ﷺ səhih yolla nəql edilməmişdir və bu hədislərlə də əməl olunmur. Peyğəmbərdən ﷺ səhih yolla nəql edilməyən hədislərlə Allaha ibadət etmək icazəli deyildir. Buna görə də şabanın 15-ci günü xüsusi olaraq oruc tutulmur, çünki Peyğəmbərdən ﷺ bu barədə heç bir şey varid olmamışdır. Peyğəmbərdən varid olmayan əməli etmək isə bidətdir.
Üçüncü məsələ: Şaban ayının 15-ci gecəsinin fəzilətidir.
Həmçinin bu barədə də Peyğəmbərdən ﷺ səhih yolla nəql edilməyən zəif hədislər vardır. Ona görə də Şaban ayının 15-ci gecəsi rəcəb ayının, rabi ayının və ya cumədəl aylarının və yaxud da digər ayların 15-ci gecələri kimidir. Şaban ayının 15-ci gecəsi ilə digər ayların 15-ci gecəsi arasında heç bir fərq yoxdur, digər gecələr kimi adi bir gecədir, çünki bu haqda varid olan hədislər zəifdir.
Dördüncü məsələ: Şaban ayının 15-ci gecəsində xüsusi ibadət etmək.
Həmçinin bu da bidətdir, çünki Peyğəmbərdən ﷺ bu gecəni xüsusi ibadətlə keçirməsi barədə bir şey varid olmamışdır. Bu gecə digər gecələr kimi adi bir gecədir. Əgər insan davamlı olaraq gecə namazı qılan biridirsə, digər gecələrdəki kimi həmin gecə də qalxıb namaz qıla bilər, yox, əgər, gecə namazı qılmaq adəti deyilsə, sırf Şaban ayının 15-ci gecəsi üçün xüsusi olaraq qalxıb namaz qılmasın, çünki bu barədə Peyğəmbərdən ﷺ heç bir şey varid olmayıb. Daha da qəribəsi odur ki, bəzi insanlar bu gecədə Peyğəmbərdən varid olmayan müəyyən sayda gecə namazı qılırlar. Bu gecəyə aid xüsusi bir gecə namazı yoxdur.
Beşinci məsələ: Qəza və Qədər Şaban ayının 15-ci gecəsi təqdir edilirmi? Yəni bu ildə baş verəcək şeylər həmin gecədə təqdir olunur?
Cavab: Xeyr. Bu, Qədr gecəsi deyil. Qədr gecəsi ramazan ayındadır. Uca Allah buyurur: "Biz onu (Quranı) qədr gecəsində nazil etdik. Sən hardan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir". (Əl-Qədr, 1-3)
Başqa bir ayədə: "Quran ramazan ayında nazil edilmişdir". (Əl-Bəqərə, 185)
Buna görə də Qədr gecəsi Ramazan ayında olur, çünki Allah Quranı bu ayda nazil etmişdir. Quran Ramazan ayında nazil edilmişdir. Qədr gecəsi digər aylarda deyil, ramazan ayında təyin olunmuşdur. Buna görə də Şaban ayının 15-ci gecəsi qədr gecəsi deyil. İl ərzində baş verəcək şeylər həmin gecədə təqdir olunmur, həmin gecənin digər gecələrdən heç bir fərqi yoxdur.
Altıncı məsələ: Şaban ayının 15-ci gecəsinə məxsus yemək bişirmək. Bəzi insanlar Şaban ayının 15-ci gecəsi yemək bişirib kasıblara paylayırlar və deyirlər ki, bu, atanın, ananın və ya hər iki valideynin adındandır. Bu da həmçinin bidətdir, çünki Peyğəmbərdən ﷺ və səhabələrdən ( Allah onlardan razı olsun) bu barədə heç bir şey varid olmamışdır. Bunlar saydığım 6 məsələdir. Ola bilsin ki, bu barədə bilmədiyim başqa məsələlər də vardır. Bunları da sizə bəyan etmək mənə vacibdir.
Uca Allahdan istəyirəm ki, bizləri və sizləri sünnənin yayıb bidətdən çəkindirənlərdən etsin. Allahdan istəyirəm ki, bizi doğru yol göstərənlərdən və Peyğəmbərə ﷺ tabe olub, onun yoluna dəvət edənlərdən etsin.