Evlilik haqqında faydalar

Evlilik haqqında faydalar

•Bir-birini sevən iki nəfər üçün...

 

Peyğəmbərimiz ﷺ belə buyurmuşdur:

 

Bir-birini sevən iki nəfər üçün nikah kimi (gözəl) bir şey görülməmişdir.

 

Bax: Səhihul Cami, 5200

 

Elm əhli belə buyurur:

 

Bir kişi və qadın arasında sevgi yarandıqda, onların günaha düşməməsi üçün evliliyə tələs­mələri lazımdır. Çünki nikah, günaha düşməkdən qoruyar, sevgini hər gün artırar və möhkəmləndirər.

 

•Evləndirin...

 

 Peyğəmbər ﷺ buyurur :

 

Dinindən və əxlaqından razı qaldığınız kimsə sizə evlənmək üçün müraciət edərsə, onu evləndirin. Əgər siz bunu etməsəniz yer üzündə fitnə və böyük fəsad olar.

 

Bax: Cəmiu Tirmizi, 1083 .. Şeyx Albani həsən demişdir.

 

Qeyd: Bu hədis görə, qadının vəlisinə (atası və.s) vacibdir ki, öz qızına dindar və əxlaqlı kişi seçsin.

 

•Evlənərkən nəyə fikir vermək lazımdır?

 

Peyğəmbər ﷺ buyurmuşdur:

 

“Qadın (adətən) dörd şeyə görə nikahlanar:

 

 • malına görə,

 • nəsəbinə görə,

 • gözəlliyinə görə,

 • dininə görə.

 

Sən isə dindar olanını seç ki, (dünyada və axirətdə) bərəkətə çatasan.”

 

Bax: Buxari, Nikah 15

 

•Ən xeyirli nigah

 

Peyğəmbər ﷺ belə buyurmuşdur:

 

Ən xeyirli nikah – ən asan olanıdır.

 

Bax: Səhihul Cami, 3300

 

Yəni mehri, toy yeməyi və.s yüngül olanıdır.

 

•Evlənmək istəyənə nəsihət

 

Əbu Bəkr Siddiq (Allah ondan razı olsun) belə demişdir:

 

“Kim bir qadınla evlənmək istəsə, atasına və qardaşına baxsın. Çünki qadın onlardan birinə bənzəyər.”

 

Bax: İbn Asakir “Tarixu Diməşq”, 28/182

 

 

Ömər ibn Xattab -Allah ondan razı olsun- belə demişdir:

 

Evlənmədən zənginlik axtaran insanın halına təəccüb edirəm.

 

 Uca Allah ﷻ belə buyurmuşdur:

 

 إِن یَكُونُوا۟ فُقَرَاۤءَ یُغۡنِهِمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۗ 

 

Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Nur, 32

 

Bax: Təfsir Bəğavi, 6/40

 

 •Nümunə evlilik

 

 Əbu Dərda (Allah ondan razı olsun) Ummu Dərdaya belə deyir: 

 

Mən qəzəbləndiyimdə, sən məni razı sal, sən qəzəbləndiyində, mən səni razı salacam. Əgər belə olmasaq, çox tez ayrılarıq.

 

Bax: Rovdatul Uqalə səh.106

 

•Evlənmək Ruzini azaltmır !

 

Tabeinlərdən İbrahim Nəxai (Allah ona rəhm etsin) bir nəfərə belə deyir: 

 

Evlən! Qadını öz evində ruziləndirən, sənin evində də, ruziləndirəcək.

 

Bax: İbn Məhrəz "Tarix", 105.

 

 

•Şəvval ayında evlənmək...

 

 İmam Nəvəvi (Allah ona rəhm etsin) belə demişdir:

 

Şəvval ayında evlənmək müstəhəbdir.

 

Bax: Şərh Sahih Muslim, 9/209.

 

Peyğəmbər sallallahu aleyhi və səlləm Aişə anamızla Şəvval ayında evlənmiş və müşriklərin Şəvval ayında evlənməyin uğursuzluq olduğu etiqadına müxalif olmuşdur.

 

•Qızını kiminlə evləndirməlisən? 

 

- Bir kişi Həsən rahiməhullaha belə dedi: 

 

Qızıma evlənmək üçün elçi düşüblər. Onu kiminlə evləndirim ?!

 

Həsən dedi: 

 

Allahdan qorxan biri ilə evləndir. Əgər onu (qadını) sevərsə, ona yaxşı baxar, əgər ona (qadına) qəzəblənərsə, ona zülm etməz.

 

Bax: İbn Həni "Məsəil", 1/197

 

•Əməlisaleh qadın 

 

Sələmə İbn AbdulMəlik (Allah ona rəhm etsin) belə demişdir:

 

Mömin üçün əməlisaleh qadın iki gözdən, iki əldən və iki ayaqdan daha xeyirlidir.

 

Bax: Əhsənul Məhəsin, 368

 

•Əsas Məsələ !

 

Şeyx Saleh Fovzan (hafizahullah) belə deyir:

 

İnsan üçün əsas məsələ sadəcə evlənmək deyil. Əsas məsələ kiminlə evlənməkdir. Bax, tələb olunan da budur. İnsan gərək dinində saleh olan qadını seçsin. Dinində saleh olması ilə birlikdə gözəlliyi, yaxşı soyu, zənginliyi də olarsa, bu, xeyir üzərinə xeyir deməkdir. Amma bu üç şeyə önəm verərək dininə fikir verməzsə, bu, xüsrandır (ziyana uğramaqdır).

 

Səsyazmadan