•Aşura günü oruc tutmağın fəziləti
Rasulullah ﷺ belə buyurmuşdur:
Aşura günü orucunun ötən bir ilin günahlarına kəffarə olmasını Allahdan ﷻ umuram.
Bax: Muslim, 1162
Peyğəmbər ﷺ Mədinəyə gəldikdə yəhudilərin aşura günü oruc tutduqlarını görüb soruşdu:
Bu nədir?
Onlar dedilər: Bu, gözəl bir gündür! Bu, Allahın İsrail oğullarını onların düşmənlərindən xilas etdiyi gündür! (Elə bu səbəbdən də) Musa həmin günü oruc tutmuşdur.
Peyğəmbər ﷺ buyurdu:
Mən Musaya (onun etdiyini davam etməyə) sizdən daha haqlıyam (layiqəm). Sonra o, həmin günü oruc tutdu və səhabələrinə də oruc tutmağı əmr etdi.
Bax: Buxari, 2004
•Aşura günü yəhudilər də oruc tutduqları üçün onlara müxalif olaraq iki və ya üç gün oruc tutmaq daha yaxşıdır.
Rasulullah ﷺ belə buyurmuşdur:
Əgər gələn ilə qalsam, Allahın izni ilə doqquzuncu günü də oruc tutacam.
Bax: Muslim, 1134.
Qeyd: İnsan bir gün tutsa belə həmin savaba əldə etmiş olur.
•Aşura günü oruc tutmağın hikməti
Böyük alim İbn Bəz (Allah ona rəhm etsin) belə demişdir:
Həmin gün Allah Musa (Ona Allahın salamı olsun) və qövmünü xilas etmiş, Firon və qövmünü isə həlak etmişdir. Bu gündə hər bir müsəlman kişi və qadına, izzət və cəlal sahibi olan Allaha şükür əlaməti olaraq oruc tutması müstəhəbdir (sünnədir). O gün də, Məhərrəm ayının onuncu günüdür.
Bax: Məcmul Fətəva, 15/397.
Hörmətli oxucu, gördüyün kimi Aşura günün oruc tutmağın Hüseyn İbn Əlinin (Allah ondan və atasından razı olsun) şəhadəti ilə heç bir əlaqəsi yoxdur.
•Səfərdə Aşura günü oruc tutmaq olarmı?
Hafiz ibn Rəcəb (Allah ona rəhm etsin) bu haqda demişdir:
Sələflərdən olan bir toplum Aşura gününün orucunu səfərdə belə tutardılar və bunu, Ramazanın başqa günlərdən bir müddəti olduğunu, Aşuranın isə günlərinin olmamasıyla açıqlayırdılar. Onlardan ümmətin alimi İbn Abbasdan (Allah ondan razı olsun) Əbu İshaq Əs-Səbiydən, Zuhridən və İmam Əhməddən sabitdir ki, Aşura günü səfərdə olsa belə oruc tutardılar. Allah daha yaxşı bilir.
Bax: Lətaifil Məarif səh. 74
Həmçinin Hafiz Zəhəbi (Allah ona rəhm etsin) belə demişdir:
İmam Muhəmməd ibn Şihəb Zuhri səfərdə idi və aşura orucunu tutdu. Ona deyildi:
Nə üçün Ramazanda səfərdə olarkan oruc tutmadın, indi isə tutursan ?
O dedi:
Həqiqətən ramazanın "başqa günləri"* var. Aşura gün isə keçib gedir.
Bax: Siyər 5/342
*Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. (Bəqərə,184 mənaca tərcüməsindən)
•Şiə alimlərinin və mollalarının Aşura günü oruc tutmağın məkruh olması (bəyənilməməsi) fətvası batildir.
Əsvəd ibn Yəzid (Allah ona rəhm etsin) belə demişdir:
Aşura günü orucunu Əli İbn Əbu Talib və Əbu Musa Əl-Əşaridən daha təkidlə əmr edən başqa birini görmədim.
Bax: AbdurRazzaq, 7836.
^Hörmətli oxucu, bunu bir düşün.
•Aşura günü oruc tutmaqdan başqa edilən bütün əməllər sonradan uydurulmuş çirkin bir bidətdir (yenilikdir).
Böyük alim İbn Teymiyyə (Allah ona rəhm etsin) bu haqda belə demişdir:
O gündə orucdan başqa bütün edilənlər çirkin bir bidətdir. İslam alimlərindən heç biri bunları yaxşı şey saymamışlar.
Bax: Minhəc Sünnə, 8/152.
Həmçinin Muhəmməd Ət-Təmimi (Allah ona rəhm etsin) belə demişdir:
Aşura günü oruc tutmaqdan başqa zikr olunan (edilən) əməllərin əsli yoxdur və bidətdir.
Bax: Ədəbul Məşy ilə Salə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha.